Müqəddəs Kitab

Flash Needs to be Turned On

1 Peter fəsil 1

1İsa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayəti və Bitinyaya yayılmış qəriblərə salam!2Ata Allahın qabaqcadan bilməsinə görə siz Ruh tərəfindən təqdis olunaraq İsa Məsihə itaət etməniz və Onun qanının üzərinizə səpilməsi üçün seçilmisiniz. Qoy lütf və sülh sizə bol-bol verilsin! 3Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,4çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır.5Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz.6Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz;7belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.8Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.9Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz. 10Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdırma və tədqiqatlar aparardı.11Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar.12Bu şeyləri elan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açıqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdilər. Mələklər də bu şeyləri yaxından tanımaq arzusundadırlar. 13Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.14İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın.15Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun,16necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm». 17Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.18Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil,19qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.20Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi.21Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır. 22Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.23Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.24Ona görə ki «Bütün bəşər ota bənzər,Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.Ot quruyar, çiçək tökülər,25Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur.